Di Pardo “Kalyari”yə keçdi, “Yuventus” bu qədər qazandı

İtaliyanın “Yuventus” klubunun sağ cinah müdafiəçisi Alessandro Di Pardo A Seriyasının yeni iştirakçısı “Kalyari”yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə “Kalyari” rəsmi saytı vasitəsilə məlumat yayıb.

İtaliyadan olan 23 yaşlı futbolçu 2022-ci ilin yayında satınalma şərti ilə “Kalyari” tərəfindən bir mövsümlük icarəyə götürülmüşdü. O, geridə qalan mövsümdə 23 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. “Kalyari” rəhbərliyi onun çıxışını bəyəndiyi üçün “Yuventus”a 1,1 milyon avro ödəməklə müdafiəçinin transfer hüquqlarını da alıb. Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Alessandro Di Pardo “Yuventus”un yetirməsidir. O, Turin klubunun əsas komandasında 5 oyun keçirib. Müdafiəçi “Kalyari”dən öncə “Viçentsa” və “Kozentsa”da da icarədə oynayıb. İtaliyanın U-18 və U-19 yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

“Kalyari” 2022-ci ilin sentyabrında “Empoli”yə icarəyə verdiyi Sebastyan Valukeviçi də satmaq məcburiyyətində qalıb. Belə ki, “Empoli” satınalma şərti ilə icarəyə götürdüyü 23 yaşlı mərkəz müdafiəçisi üçün “Kalyari”yə 1 milyon avro ödəyib və onun transfer hüquqlarına sahiblənib. Polşalı futbolçu 2019-cu ilin yanvarında müqavilə bağladığı “Kalyari”də 45 matça çıxıb, 1 assistlə yadda qalıb. O, “Empoli”də isə cəmi 11 matç keçirib. Daha öncə ölkəsində “Poqon”un formasını geyinmiş Varşava “Legiya”sının yetirməsi Polşa millisində də 3 matç keçirib.

“Kalyari” hücumçusu Alberto Çerri ilə də yollarını ayırıb. O, 2021-ci ildən icarədə olduğu “Komo”da qalmağa qərar verib. İtaliyadan olan 27 yaşlı forvard “Kalyari”də keçirdiyi 82 oyunda 8 qol və 5 assist müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: