Ötən mövsüm bitən kimi “Zirə”dən ayrılan müdafiəçi Sərtan Taşkın bundan sonra “Turan Tovuz”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan milli komandasının da şəfərini qoruyan futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.
Sərtan Taşkın 2020-ci ilin iyul ayından formasını geyindiyi “Zirə”dən bu ay azad agent kimi ayrılmışdı. 25 yaşlı futbolçu bu komandada 85 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sərtan daha öncə “Şamaxı” (65 oyun, 4 qol, 1 məhsuldar ötürmə) və “Sumqayıt”da (20 oyun, 1 qol) da forma geyinib. O, Azərbaycan milli komandasında 2 oyun keçirib.
Bu, “Turan Tovuz”un yay fasiləsində üçüncü transferidir. Tovuz təmsilçisi daha öncə “Kəpəz”dən ayrılan Fərid Nəbiyevi və “Sumqayıt”dan Aydın Bayramovu da transfer etmişdi. Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla da yeni müqavilə imzalanıb. Henri Okebuqvu isə “Turan Tovuz”dan ayrılıb.


