Rzayeva, Dərvişova və Əliyev Polşada “bürünc”lə kifayətləndi

Muay-tay üzrə Azərbaycan millisinin üzvləri Emili Rzayeva, Aysu Dərvişova və Xəyal Əliyev 3-cü Avropa Oyunlarında bürünc medal qazanıblar.

Arena.az xəbər verir ki, onların Polşada təşkil olunmuş 3-cü Avropa Oyunlarındakı mübarizəsi iyunun 25-də başlamışdı.

İdmançılarımız elə ilk yarış günündə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özləri üçün təmin etmişdilər.

Emili Rzayevanın (63,5 kq) 1/4 final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün idmançımız qalib elan olunub. İyunun 26-da baş tutan yarımfinalda Tereza Steçova (Çexiya) ilə üz-üzə gələn idmançımız məğlub olub və bürünc medalla kifayətlənib.

57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova isə 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanmaqla yarımfinala yüksəlmişdi. O, iyunun 26-da yarımfinal görüşünə çıxıb. Patrisiya Axlinqlə (İsveç) üz-üzə gələn idmançımız məğlub olduğu üçün bürünc medal əldə edib.

67 kq çəki dərəcəsində mübarizə aparan Xəyal Əliyev də 1/4 final mərhələsində Georgi Kleynə (Gürcüstan) qalib gəlib. Amma təəssüf ki, o da yarımfinalda Oskar Siqertlə (Polşa) dueldən qalib ayrıla bilməyib. Beləcə, muay-tay yığmamızın üzvləri yarışı bürünc medalla başa vurublar.

Bununla da Azərbaycanın Polşadakı Avropa Oyunlarında qazandığı medalların sayı 8-ə çatıb. Daha öncə yığmamız 2 qızıl, 1 gümüş və 2 bürünc əldə etmişdi. Hazırda hesabında 2 qızıl, 1 gümüş və 5 bürünc medal olan ölkəmiz 22-ci yerdə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: