“Yuventus” rəhbərliyi hücumçusu Duşan Vlahoviçi gələcəkdə əvəz edə biləcək potensial hücumçuların axtarışındadır.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, bəzi Avropa klubları 23 yaşlı serb hücumçu ilə müqavilə imzalamaq iddiasındadırlar. “Qoca sinyora” 60-70 milyon avro qarşılığında Vlahoviçlə vidalaşmağa hazırdır, ancaq bu halda, klub rəhbərliyi onu əvəz edə biləcək hücumçu ilə də vaxtında müqavilə imzalaya biləcəyinə əmin olmaq istəyir.
Hazırda turinlilər bu məqsədlə PSJ-dən Uqo Ekitike və “Vest Hem”dən Canluka Skamakkanı diqqətdə saxlayırlar. “Yuventus” bu hücumçulardan birini icarə əsasında komandaya cəlb etməyi düşünür.
2022/2023 mövsümündə Uqo Ekitike parislilərin heyətində 32 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.
Canluka Skamakkanın ötən mövsümkü göstəriciləri isə belədir: 27 oyun, 8 qol.
Duşan Vlahoviç hər iki mümkün əvəzedicisindən daha üstün görünür: 42 oyun, 14 qol, 4 məhsuldar ötürmə.
“Transfermarkt” internet-portalı Ekitikeni 25 milyon avro, Skamakkanı 22 milyon avro, Vlahoviçi isə 70 milyon avro məbləğində qiymətləndirir.


