“Qarabağ” “Ferentsvaroş” üzərində qələbəni əldən verdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk sınaq matçında “Ferentsvaroş”la üz-üzə gəlib.

Macarıstan təmsilçisi ilə görüş “Leerberg Arena”da baş tutub. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə (6 və 39-cu dəqiqə) dubl edib. Üçüncü qolu isə Leandro Andrade (57-ci dəqiqə) vurub. 16 və 42-ci dəqiqələrdə iki dəfə hesabı bərabərləşdirən macarlar məğlubiyyətdən sona 4 dəqiqə qalmış qaçıblar.

Xatırladaq ki, “Ferentsvaroş” geridə qalan mövsümdə 33 oyuna 64 xal toplayaraq Macarıstan çempionu olub. Bu komandada Ağdam klubunun sabiq hücumçusu Ovusu Kvabena çıxış edir. Amma o, keçmiş komandası ilə sınaq matçının iştirakçısı olmayıb.

“Ferentsvaroş” Azərbaycan çempionu üçün tanış rəqibdir. Bu komandalar ötən mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində də üz-üzə gəlmişdilər. Bakıdakı oyun 1:1 hesabıyla bitmişdisə, səfərdə 3:1 qalib gələn ağdamlılar mərhələ adlayan tərəf olmuşdular.

“Qarabağ” Avstriyada bundan başqa daha iki sınaq matçına çıxacaq. Azərbaycan çempionu “Legiya” (Varşava, Polşa) və ÇSKA (Sofiya, Bolqarıstan) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
27 iyun

“Qarabağ” – “Ferentsvaroş” 3:3
Qollar: Nəriman Axundzadə, 6; 39. Leandro Andrade, 57 – Varqa, 16. Kehinde, 42. Botka, 86.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 44. Elvin Cəfərquliyev, 20. Riçard Almeyda, 6. Julio Romao, 15. Leandro Andrade, 27. Toral Bayramov, 19. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 17. Hamidu Keyta, 9. Musa Qurbanlı, 83. Nihad Quliyev, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 11. Adama Diakabi, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 29. Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: