Çempionlar Liqasında 2023/2024 mövsümünə start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünə start verilib.

Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində yeni mövsüm ilkin mərhələnin oyunları ilə başlayıb.

Bu mərhələdə yenə dörd ölkənin çempionu mübarizə aparıb. Andorranın “Atletik” (Ekaldes) klubu Monteneqronun “Buduçnost” kollektivini qəbul edib. Qonaqlar 3 cavabsız qolla qalib gələrək finala vəsiqə qazanıblar. San Marinonun “Tre Penne” komandası isə İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gəlib. Bu görüşdə də islandlar darmadağına seviniblər.

Yarımfinalın qalibləri iyunun 30-da final qarşılaşmasında üz-üzə gələcəklər. Qalib komanda 1-ci təsnifat mərhələsinə yüksələcək.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 11/12 iyul və 18/19 iyulda keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə məhz bu mərhələdən başlayacaq. Ağdam klubunu Cəbəllüttariq “Linkoln”u ilə duel gözləyir.

UEFA Çempionlar Liqası
İlkin mərhələ
27 iyun

“Atletik” (Andorra) – “Buduçnost” (Monteneqro) 0:3
Qollar: B.Sekuliç, 14; 60. A.Sançes, 21-öz qapısına.

“Tre Penne” (San Marino) – “Breydablik” (İslandiya) 1:7
Qollar: A.Barretta, 31 – H.Qunnlauqsson, 6; 89. Hlinsson, 25; 90+2. K.Olsen, 45+2. S.Siqurdsson, 67. V.Eynarsson, 74.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: