Ötən mövsüm bitən kimi “Səbail”dən ayrılan qapıçı Emil Balayev, gözlənildiyi kimi, Premyer Liqanın digər təmsilçisi “Neftçi”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Azərbaycan millisinin də üzvü olan qolkiper köhnə-yeni klubunda “Evinə xoş gəldin” sözləri ilə qarşılanıb. Balayev 2 illik müqaviləyə imza atıb. O, “ağ-qaralar”ın heyətində 12 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, 29 yaşlı qapıçı “Səbail”lə müqaviləsinin müddəti bitdiyi üçün “dənizçilər”dən azad agent kimi ayrılmışdı. Bu üzdən “Neftçi” keçmiş qapıçısını geri qaytarmaq üçün əlavə xərcə düşməyib.
Emil Balayev 2022-ci ilin iyul ayında Qazaxıstanın “Turan” klubundan ayrılaraq “Səbail”lə 1 illik müqavilə bağlamışdı. Qolkiper 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. O, paytaxt təmsilçisində bütövlükdə 76 oyuna çıxıb, 111 qol buraxıb. Təcrübəli qolkiperin 19 “quru” oyunu da var.
Balayev məhz “Neftçi”nin yetirməsidir. Amma o, bu klubun əsas komandasında cəmi 11 oyun keçirib. Onun hesabında 12 buraxılmış qol, 4 “quru” oyun var.
Balayev daha öncə Azərbaycanda “Qarabağ” (19 oyun, 12 buraxılmış qol, 10 “quru” oyun), “Zirə” (1 oyun, 1 qol) və “Sumqayıt” klublarında da forma geyinib. O, Qazaxıstanın “Tobol” (36 oyun, 26 buraxılmış qol, 21 məhsuldar ötürmə) və “Turan” (1 oyun, 2 buraxılmış qol) klublarında legioner həyatı da yaşayıb.
Emil Azərbaycan milli komandasında isə indiyə qədər 14 oyun keçirib.
“Neftçi” bu yay digər qapıçısı İvan Brkiçlə də yeni müqavilə bağlandığını açıqlamışdı. Sezar Meza Kolli, Vato Arveladze və Mert Çelik isə komandanı tərk ediblər. Müqaviləsinin müddəti bitən kapitan Emin Mahmudov və müdafiəçi Voyislav Stankoviçin də taleyi qaranlıq olaraq qalır. Bu iki futbolçu bu gecə Rusiyaya təlim-məşq toplanışına yollanacaq heyətə də daxil edilməyib. Əvəzində Balayevin adı çox güman ki, həmin heyətə əlavə ediləcək.


