“Fənərbaxça”da növbəti İsmayıl Kartal dönəmi – Rəsmi

Türkiyəli futbol mütəxəssisi İsmayıl Kartal yenidən İstanbulun “Fənərbaxça” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

62 yaşlı mütəxəssis mövsümün sonuna qədər bu komandaya rəhbərlik edəcək. Belə ki, onunla bir illik müqavilə imzalanıb.

Yeni baş məşqçi bu postda mövsüm bitən kimi ayrılıq qərarı alan Jorje Jezusu əvəz edib. Hansı ki, portuqaliyalı mütəxəssis ötən yay məhz İsmayıl Kartalı bu postda əvəzləmişdi.

İsmayıl Kartal “Fənərbaxça” üçün yad sima deyil. O, futbolçu karyerası dönəmində ən çox məhz bu klubun uğurları üçün çalışıb. Sağ cinah müdafiəçisi 1983-1993-cü illər aralığında bu komandanın heyətində 200-dən çox oyun keçirib.

Kartal məşqçiliyə də 1996-cı ilə məhz “Fənərbaxça”da başlayıb. O, müxtəlif vaxtlarda klubun yeniyetmə və gənclərdən ibarət komandalarına rəhbərlik edib, həmçinin əsas komandada köməkçi-məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis 2014/15 mövsümündə “Fənərbaxça”nın baş məşqçisi də olub və komandaya Türkiyə Super Kubokunu qazandırıb. İstanbul klubu onun rəhbərliyi altında meydana çıxdığı 36 oyunda 30 qələbə qazanıb, 10 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Kartal 2022-ci ilin yanvarında yenidən bu posta gətirilmiş və may ayına kimi komandaya rəhbərlik etmişdi. İstanbul klubu onun rəhbərliyi altında meydana çıxdığı 21 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə etmiş və 4 məğlubiyyətə üzülmüşdü.

İsmayıl Kartal məşqçilik karyerası ərzində “Ərzurumspor”, “Konyaspor”, “Rizəspor”, “Ankaragücü”, “Qaziantepspor” və “Əskişəhərspor”a da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: