İspaniyanın Santyaqo de Kompostela şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən U-20 Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulmuşdular. Bu gün isə onlar medal görüşlərinə çıxıblar.
İlkin Qurbanov (60 kq) bolqarıstanlı Qrişa Nazaryan (6:1) və isveçli Erik Qameliusa (10:1) qalib gələrək yarımfinala yüksəlmışdi. Qurbanov yarımfinalda gürcüstanlı Anri Xozrevanidzeyə minimal fərqlə məğlub olmuşdu – 2:3. İlkin bürünc medal uğrunda görüşdə bu gün türkiyəli Kemal Sevgiliyə minimal fərqlə uduzub – 1:2.
Kənan Abdullazadə (67 kq) macarıstanlı Şolt Takaç (6:0) və isveçrəli Frits Reberi (8:0) məğlub edərək yarımfinala adlamışdı. Abdullazadə yarımfinalda gürcüstanlı Nika Broladzeyə “tuş”la uduzmuşdu. Kənan bu gün bürünc medal uğrunda qarşılaşmada polşalı Arslanbek Salimovdan güclü olub – 6:5.
Ruslan Nurullayev (72 kq) almaniyalı Aaron Bellşeyditlə (4:1) isveçli Karl Baffı (8:1) yolundan kənarlaşdıraraq adını yarımfinala yazdırmışdı. Nurullayev yarımfinalda ukraynalı İrfan Mirzoyevlə gərgin mübarizə şəraitində keçən mübarizədən 3:1 hesablı qələbəylə ayrılaraq finala yüksəlmişdi. Ruslan həlledici görüşdə bu gün macarıstanlı Levente Levaya 5:3 hesabıyla qalib gələrək Avropa çempionu olub
İsmayıl Rzayev (82 kq) xorvatiyalı Antonio Lukaç (9:0) və serbiyalı Miloş Peroviçi (3:1) məyus edərək yarımfinala vəsiqə qazanmışdı. Rzayev yarımfinalda türkiyəli Alperen Berberə müqavimət göstərə bilməmişdi – 0:9. Rzayev bürünc medal uğrunda görüşdə bu gün gürcüstanlı Data Çxaidzeylə də bacarmayıb – 1:6.
Qeyd edək ki, U-20 Avropa çempionatı iyulun 2-də başa çatacaq.


