Azərbaycan millisinin qapıçısı Emil Balayev yenidən “Neftçi”yə qayıtması ilə əlaqədar klubun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper əvvəlcə paytaxt klubundakı köhnə günləri xatırlayıb:
“Nostalji hisslər yaşadım. Bu klubun futbol akademiyasında böyümüşəm. Sonra əsas komandada yer almışam. Elə həmin dövrdə Azərbaycan futbolunda yeni səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. İllər keçsə də, bütün bunlar inanılmaz hisslər kimi daim yada düşür”.
Balayev İvan Brkiç və Aqil Məmmədov kimi qapıçılarla rəqabət aparmağa hazır olduğunu bəyan edib: “Rəqabət olmayan yerdə inkişaf olmur. Belə səviyyəli qapıçılarla birgə çalışmaq, məşq etmək mənim özüm üçün də xoşdur. Komandada cavan qapıçılar da var. Bir müddət öncə əsas millinin heyətində 21 yaşlılardan ibarət yığmamızla yoldaşlıq görüşü keçirdik. Orda da cavan, yaxşı qapıçılarımızın olduğunu gördüm. Rza Cəfərovu da xüsusi qeyd edərdim, çox yaxşı qapıçıdır”.
Emil Balayev sonda “Neftçi” fanatlarına səslənib: “Azarkeşlərə həmişə bizimlə birgə olmalarını demək istərdim. Zatən həmişə bizim arxamızda durub, dəstək olublar. Çətin anlarda da, eniş olanda da… Amma hər bir enişdən sonra yüksəliş də var. Fikrimcə, hamımız bir yumruq olub keçmiş uğurları təkrarlaya biləcəyik. Bizdən ümidlərini kəsməsinlər, bizə dayaq olsunlar”.
Xatırladaq ki, ötən gün sabiq klubu ilə 2 illik müqavilə bağlamış Balayev Rusiyaya beynəlxalq turnirə yollanmış heyətdə yer alıb. “Ağ-qaralar”ı burada iyulun 1-dən 15-nə qədər Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turniri gözləyir. “Neftçi” turnir çərçivəsində iyulun 1-də Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit” komandası ilə qarşılaşacaq. Ayın 8-də (saat 20:30) Serbiyanın “Srvena Zvezda” klubu ilə görüş baş tutacaq. Ayın 15-də (saat 15:00) isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşma nəzərdə tutulub. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.


