Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama oyunu keçirib.
Zaqreb təmsilçisi yerli “Koper” komandası ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.
Mahir Emreli ilk hissəni kənardan izləyib. 26 yaşlı futbolçu 46-cı dəqiqədə – komandası hesabda 1:2 geridə olarkən Bartol Barişiçin əvəzinə meydana buraxılıb.
“Dinamo”nun qollarını Fran Topiç (21-ci dəqiqə) və Antonio Marin (49-cu dəqiqə) vurub.
Xatırladaq ki, geridə qalan mövsümün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirmiş Mahir, icarə müddəti bitdiyi üçün yenidən “Dinamo”nun düşərgəsinə qayıdıb. Onun yeni mövsümə bu komandada, yoxsa fərqli klubda başlayacağı hələ dəqiqləşməyib.


