“Yuventus” Xuan Kuadrado ilə vidalaşdı

Futbol üzrə Kolumbiya yığmasının cinah yarımmüdafiəçisi Xuan Kuadrado İtaliyanın “Yuventus” klubundan ayrılıb.

Arena.az bu barədə “Qoca sinyora”nın mətbuat xidmətinə istinadən məlumat verir:

“Sevinc, təbəssüm, zarafat və həvəslə, başgicəlləndirici driblinglərlə, çılğın keçidlərlə, qollarla dolu səkkiz unudulmaz il. Bu il onun komanda oyununa töhfəsi əhəmiyyətli olub, o, 47 oyunda meydana çıxıb ki, bu da ona “byankoneri”nin heyətində 300 oyun həddini keçməyə imkan verib. Kuadrado Turin komandasının tarixində iz qoyub. Onun hər kəsə bəxş etdiyi duyğular əbədi olaraq bizimlə qalacaq.

Hər şey üçün təşəkkür, Panita!”, “Yuventus”un rəsmi çıxışında deyilir.

Kuadradonun “Qoca sinyora” ilə müqaviləsi bu gün başa çatıb. Turinlilər 35 yaşlı veteranla əməkdaşlığı yeniləməmək qərarına gəliblər.

Kuadrado 2015-ci ildən “Yuventus”da çıxış edirdi. Kolumbiyalı “Qoca sinyora” ilə 10 kubok qazanıb: 5 Skudetto, 3 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku.

2022/2023 mövsümündə Kuadrado “Yuventus”un heyətində 47 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Kuadradonun “Yuventus” karyerasının ümumi mənzərəsi isə belədir: 314 oyun, 26 qol, 65 məhsuldar ötürmə.

“Transfermarkt” internet-portalı Xuan Kuadradonu 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: