Futbol üzrə Seneqal yığmasının və İspaniyanın “Vilyarreal” klubunun hücumçusu Nikolas Cekson “Çelsi”yə transfer olunub.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.
22 yaşlı forvardla 8 illik müqavilə imzalanıb. “Çelsi” bu transfer üçün “Vilyarreal”a 37 milyon avro ödəyib.
Xatırladaq ki, Nikolas Cekson “Vilyarreal”ın öz yetirməsidir. O, bir ara “Mirandes”də icarədə də olub. Hücumçu 2022/2023 mövsümündə 38 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə verib. O, “Vilyarreal”da bütövlükdə 47 oyun keçirib, 13 qol və 6 assistlə yadda qalıb. Futbolçu Seneqal yığmasında da 3 oyun keçirib.
“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik də “Milan”a keçib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Bu sövdələşmə “Milan”a 16 milyon avroya başa gəlib. “Rossoneri” müdafiəçinin çıxışından asılı olaraq, daha 4 milyon avro məbləğində bonus ödəyə bilər. 27 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsi isə 4 illikdir.
2022/2023 mövsümündə Loftus-Çik “Çelsi”nin heyətində 33 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. London klubunun öz yetirməsi olan futbolçu bu komandada bütövlükdə 155 oyun keçirib, 13 qol və 18 assistlə yadda qalıb. O, “Fulhem” (32 oyun, 1 qol) və “Kristal Pelas”da (25 oyun, 2 qol, 5 assist) forma geyinib. Yarımmüdafiəçi İngiltərə milli komandasında da 10 oyun keçirib.
Sonda onu da xatırladaq ki, “Çelsi” bu yay Loftus-Çikdən öncə Kay Haverts, Mateo Kovaçiç, Kalidu Kulibali, Eduard Mendi, Nqolo Kante, Tyemue Bakayoko kimi futbolçularını da satmışdı. London klubu icarə müqavilələrinin müddəti bitən Joao Feliks və Denis Zakariya ilə də yollarını ayırmışdı.



