“Sevilya” əsas heyətinin bütün oyunçularını transferə çıxarır

Futbol üzrə Avropa Liqasının yeddiqat qalibi olan İspaniyanın “Sevilya” klubu böyük maliyyə problemi ilə üzləşib.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, klubun 90 milyon avro borcu var. Bu üzdən də rəhbərlik yaranmış vəziyyətdən çıxış yolu kimi, əsas komandanın bütün oyunçularını satışa çıxarmaq niyyətindədir.

İyunun 30-da klub prezidenti Xose Kastro Karmona idman menecerlərinə, borca görə komandanın bütün əsas heyətinin transferə çıxarıldığını deyib. Klub rəhbərinin sözlərinə görə, bir və ya iki böyük sövdələşmə ilə yaranmış vəziyyətdən çıxmaq mümkün deyil. Burada kütləvi satış təşkil etmək zərurəti yaranıb.

Bu xəbər sözügedən klubun azarkeşlərini təəccübləndirib. Klubun yeni idman direktoru Viktor Orta yeni mövsümdə hər üç cəbhədə – La Liqa, Kral Kuboku və UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün iddialı idi. O, baş məşqçi Xose Luis Mendilibarın məşqçilər heyəti üçün güclü heyət cəlb etməyi nəzərdə tutmuşdu.

Digər tərəfdən, ispan jurnalistlərin fikrincə, Ortanın sələfi, komandanın uğurlarında böyük pay sahibi olmuş Ramon Monçinin vəzifəsini tərk etməsinə səbəb də, məhz klubun başının üstünü qara bulud kimi kəsdirmiş maliyyə problemləri olub.

Xatırladaq ki, daha əvvəl iyun ayında “Sevilya”dan ayrılmış Ramon Monçi “Aston Villa” ilə anlaşıb və İngiltərə klubunun futbol əməliyyatları üzrə rəhbəri vəzifəsinə təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: