Fərid Ağamoğlanov Avropa Oyunlarında qızıl medal qazandı

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə – 3:0 hesabıyla qalib gələn kikboksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Fərid Ağamoğlanov startda Slovakiyadan olan Filip Baraka da 3:0 hesabıyla qalib gəlmişdi. Azərbaycan idmançısı yarımfinalda da Norveçdən olan Milton Ameriko Barrios Qalarretanı oxşar hesabla üstələmişdi.

Azərbaycanın digər kokboksçusu Elşad Şahbazov isə 1/4 finalda Ukraynanı təmsil edən Artyom Melnikə uduzaraq mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Ağamoğlanov Avropa Oyunlarında Azərbaycana üçüncü qızıl medalını qazandırıb. Daha əvvəl karateçilər İrina Zaretska və Tural Ağalarzadə də hamıdan güclü olmağı bacarmışdılar.

Bütövlükdə isə Azərbaycanın bu Avropa Oyunlarında qazandığı medalların sayı 10-a çatıb. Hazırda ölkəmizin hesabında 3 qızıl, 1 gümüş və 6 bürünc medal var. Azərabycan 10 medalla ümumi medal sıralamasında 21-ci pillədə qərarlaşıb.

3-cü Avropa Oyunları bu gün başa çatacaq. Komandamızın medal sayını artırmaq şansı qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: