Portuqaliyanın “Eştoril” klubunun Braziliyadan olan mərkəz müdafiəçisi Lukas Afriko bundan sonra “Qəbələ”də forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2023/2024 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas Afriko “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.
Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatmışdı.
Əyalət klubunda İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato isə komandanı tərk ediblər.


