“Neftçi” beynəlxalq turnirdə iştirak üçün yollandığı Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, “ağ-qaralar” toplanışın 4-cü günündə bir məşqlə kifayətləniblər.
Bu gün “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Aqil Məmmədov iştirak etməyib. Əvəzində, komandanın düşərgəsinə qoşulan Ataa Caber məşqə qatılıb.
Yeri gəlmişkən, “Matç TV” Kuboku çərçivəsində iyulun 1-də “Qazprom Arena”da keçirilmiş “Zenit”lə matçın sonlarında zədələnmiş qapıçı Aqil Məmmədovun sağlamlıq durumuna aydınlıq gəlib. Komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib: “Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.
Qeyd edək ki, “Sankt-Peterburq” otelində məskunlaşan komanda “Zenit”lə qarşılaşmadan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. Flaqman iyulun 8-də Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Ayın 15-də (saat 15:00-da) isə Türkiyənin “Fənərbaxça” klubu ilə duel baş tutacaq. Hər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “ağ-qaralar” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.







