Riad Bayiç Super Liqada klubunu dəyişdi

“Girəsunspor”un iki futboçusu – Hayrullah Bilazer və Riad Bayiç Türkiyə Super Liqasının digər təmsilçisi “Ankaragücü” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb. Elitanı tərk edən Girəsun təmsilçisindən azad agent kimi ayrılmış futbolçular yeni klublarını əlavə xərcə salmayıblar.

Hayrullah Bilazer 2020-ci ilin yayından “Girəsunspor”da forma geyinirdi. 28 yaşlı sağ cinah müdafiəçisi bu komandada 92 oyuna çıxıb, 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli futbolçu daha öncə “Darica Gənclərbirliyi”, “Boluspor” və “Haçkaspor”da da forma geyinib.

Riad Bayiç isə “Girəsunspor”a 2022-ci ilin yayında cəlb olunmuşdu. Bosniya və Herseqovinadan olan hücumçu bu komandada 35 oyun keçirib, 14 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Türkiyədə “Konyaspor” (119 oyun, 33 qol, 14 assist) və “Başakşəhər”in (35 oyun, 9 qol, 1 assist) də uğurları üçün çalışıb. Bayiç ölkəsinin “Jelezniçar”, İtaliyanın “Askoli”, “Breşiya” və “Udineze” klublarında da forma geyinib. 29 yaşlı forvard Bosniya və Herseqovina yığmasında da 12 oyun keçirib, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: