Marselo Brozoviç “İnter”i “Əl-Nəsr”ə dəyişdi – Rəsmi

Futbol üzrə Xorvatiya yığmasının dayaq yarımmüdafiəçisi Marselo Brozoviç İtaliya “İnter”indən Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inə keçib.

Arena.az bu barədə “Əl-Nəsr”in mətbuat xidmətinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 30 yaşlı Brozoviçin transfer məbləği 18 milyon avro təşkil edir. O, yeni klubu ilə 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə bağlayıb. Brozoviç yeni komandasında Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo ilə birgə forma geyinəcək.

Xatırladaq ki, Marselo Brozoviç 2015-ci ildən “İnter”də çıxış edirdi. 2022/2023 mövsümündə o, bu komandanın heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. Ümumilikdə Brozoviçin 8 illik “İnter” karyerası isə belədir: 330 oyun, 31 qol, 43 məhsuldar ötürmə. Yarımmüdafiəçi Milan klubu ilə 5 kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku, 2 İtaliya Super Kuboku.

Brozoviç daha öncə ölkəsində “Dinamo” (Zaqreb), “Lokomotiva” və “Hrvatski Draqovolyaç” klublarında da forma geyinib. O, Xorvatiya milli komandasında 87 oyun keçirib, 7 qola imza atıb.

Daha əvvəl “Barselona”nın da Brozoviçə iddialı olduğu, amma yarımmüdafiəçinin Səudiyyə Ərəbistanına keçidə üstünlük verməsi haqda məlumat vardı.

Yeri gəlmişkən, “İnter” gənc sağ cinah müdafiəçisi Mattia Zanottini də İsveçrənin “Sankt Qallen” klubuna icarəyə göndərib. İtaliyadan olan 20 yaşlı futbolçunun 2023/2024 mövsümünün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb.

Mattia Zanotti “İnter”in öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 3 oyun keçirib. Müdafiəçi İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: