Luis Enrike rəsmən PSJ-də!

İspaniyadan olan 53 yaşlı futbol mütəxəssisi Luis Enrike Fransa çempionu PSJ-nin yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Paris klubunun rəsmi saytına istinadən xəbər verir.

Tərəflər 2 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıblar.

Yeni baş məşqçi bu postda elə bu gün istefaya göndərilmiş Kristof Qaltyeni əvəz edib. Enrikenin təqdimatına həsr olunmuş mətbuat konfransı bir neçə dəfə təxirə salınıb. Bunun səbəbləri kimi, rəsmi sənədlərin imzalanması, Kristof Qaltye ilə müqaviləni ləğv etmək üçün danışıqlar, maliyyə mübahisələri, eləcə də Qaltyenin məlum səbəblərdən həbsə alınması və düşdüyü vəziyyət göstərilir.

Xatırladaq ki, Qaltye PSJ-də cəmi bir mövsüm çalışıb. Onun rəhbərliyi altında Paris klubu Fransa çempionu olsa da, digər turnirlərdə uğursuz çıxış edib. Qaltye irqçilik və ayrı-seçkilik ittihamları ilə bu ilin sonunda məhkəmə qarşısına çıxacaq.

Luis Enrike 2022-cü ilin dekabr ayından işsiz idi. İspan mütəxəssis dünya çempionatının 1/8 finalında İspaniya yığması ilə Mərakeş millisinə məğlub olduqdan sonra postu ilə vidalaşmaq qərarına gəlmişdi.

Enrike İspaniya yığmasından öncə “Roma”, “Selta” və “Barselona”nı da çalışdırıb. Onun əsas uğuru “Barselona” ilə bağlıdır. Kataloniya klubuna rəhbərlik etdiyi müddətdə Luis Enrike 9 kubok qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: