“Hatayspor” gürcü və serb legionerlərlə gücləndi

Türkiyə Super Liqasında yeni mövsümə hazırlaşan “Hatayspor” klubu daha iki legioner futbolçunun transferini rəsmiləşdirib.

Arena.az xəbər verir ki, sözügedən klub gürcü yarımmüdafiəçi Georgi Aburcaniya və serb müdafiəçi Nikola Maksimoviçlə güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb. Aburcaniyanın müqaviləsində müddətin daha bir il artırılmasına dair müvafiq razılaşma da var.

Georgi Aburcaniya Portuqaliyanın “Jil Visente” klubundan azad agent kimi ayrılaraq Hatay təmsilçisinə keçib. O, 2021-ci ildən formasını geyindiyi Portuqaliya klubunda 64 oyuna 2 qol və 4 assistlə yadda qalıb. 28 yaşlı futbolçu daha öncə “Metallurq” (Rustavi), “Dila”, “Lokomotiv” (Tiflis), “Anortosis”, “Ximnastik”, “Sevilya” (B), “Luqo”, “Tvente”, “Real Ovyedo”, “Kartaxena” kimi komandalarda da oynayıb. O, Gürcüstan millisində də 38 matça çıxıb, 1 qol vurub.

Nikola Maksimoviçin son iş yeri isə İtaliyanın “Cenoa” klubu olub. 31 yaşlı futbolçu 2022-ci ilin sentyabrında sözügedən klubdan ayrılandan işsiz idi. Maksimoviç “Sevoyno”, “Sloboda”, “Srvena Zvezda”, “Torino”, “Napoli” və “Spartak” (Moskva) kimi klubların da formasını geyinib. Mərkəz müdafiəçisi Serbiya yığmasında 25 oyun keçirib.

Hatay klubu 17 yaşlı hücumçu İbrahim Dəmiri də transfer etdiyini açıqlayıb. Son olaraq “Uşakspor”da forma geyinmiş türk futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Hatayspor” daha öncə Karlos Strandberq, Armin Hodziç, Onur Arı, Oğuzhan Matur, Görkəm Sağlam və Fisayo Dele-Başirunu da heyətinə qatdığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: