Kristiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının yeni baş məşqçisi məlum olub.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Əl-Nəsr” 61 yaşlı portuqal mütəxəssis Luis Kastronu komandanın sükanı arxasına gətirib.
Kastro Səudiyyə Ərəbistanı təmsilçisində işləmək üçün Braziliyanın “Botafoqo” klubundan ayrılıb. Hansı ki, o, 2022-ci ilin mart ayından sözügedən komandaya rəhbərlik edirdi.
Luis Kastronu “Əl-Nəsr”in təklifini qəbul etməyə şəxsən Kristiano Ronaldonun razı saldığı deyilir.
Kastro əvvəllər “Əl-Dühail”, “Şaxtyor” (Donetsk), “Vitoriya” (Gimaraynş), “Şaveş”, “Rio Ave”, “Portu”, “Penafiel” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, karyerası ərzində Ukrayna çempionluğunu, həmçinin “Əl-Dühail”lə Qətər Əmirinin Kubokunu qazanıb.
Xatırladaq ki, “Əl-Nəsr”in əvvəlki baş məşqçisi Rudi Qarsiya apreldə istefaya göndərilib. Daha sonra Rudi Qarsiya İtaliya çempionu “Napoli”nin sükanı arxasına keçib. O, öz istəyi ilə postundan gedən Luçano Spallettini əvəz edib.


