Arda Gülər “Real”da təqdim edildi, nömrə seçimini etdi

Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Gülər “Real”ın təşkil etdiyi təqdimat mərasimində rəsmən madridlilərin sıraralarına qoşulub.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən xəbər verir.

Tədbir “Real”ın şəhərciyində baş tutub və oyunçunun ən yaxşı görüntülərini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra “Real”ın prezidenti Florentino Peres söz alıb:

“Bu gün biz komandamızın bu gününü və gələcəyini gücləndirməyə davam edirik. Biz son illərdə əldə etdiyimiz uğurlara qayıda bilmək üçün strateji və vacib hesab etdiyimiz idman layihəsi üzərində işimizi davam etdiririk.

Ona görə də bu gün bizim üçün xüsusi gündür. Çünki “Real”la futbol aləmində uğur qazanmaq arzusunda olan gənc oyunçulardan biri gəlir. Nəhəng istedadlı oyunçu, gözlədiyiniz kimi, Avropanın böyük futbol klubları tərəfindən istənilirdi. Siz istedadınız və əməyiniz sayəsində dünyanın ən sevimli və hörmətli klubunun bir hissəsi olmusunuz. Bu gündən etibarən sən “Real”ın oyunçususan. Xoş gəlmisən və öz dastanını yazmaq üçün bu loqonu və bu formanı seçdiyin üçün sənə təşəkkür edirik. 18 yaşında artıq həyatının ən böyük arzularından birini gerçəkləşdirmisən – 14 Çempionlar kuboku olan “Real”a keçmisən.

Milyonlar kimi, sən də möhtəşəm geri dönüşlərin baş verdiyini və çempionların indi futbol əfsanəsinin bir hissəsi olduğunu görmüsən. Burada sən bu dəyərlərdə böyüməyə davam edəcəksən. İş, özünü təkmilləşdirmə, fədakarlıq, qətiyyət, hörmət, təvazökarlıq, həmrəylik və vacib olan, bütün dünyada tanındığımız: “Real” heç vaxt təslim olmur”.

Ardınca söz Arda Gülərə verilib və türk futbolçu ürək sözlərini səsləndirib:

“İlk növbədə, bütün ailəmə və bu anın yaranmasında əməyi olan bütün insanlara təşəkkür etmək istəyirəm. Prezidentin xoş sözlərini də yüksək qiymətləndirirəm. Mən də Di Stefano kimi klub əfsanəsi olmaq istəyirəm”.

Arda Gülər prezident Florentino Peresin müşayiəti ilə “Real”ın iclas zalında yeni 6 mövsümlük müqaviləsini imzalayıb. İmzalamadan sonra türk futbolçuya saat, “Santyaqo Bernabeu”nun kiçik modeli hədiyyə və 24 nömrəli forma təqdim edilib. Hansı ki, o, Madrid klubunda məhz bu nömrə altında forma geyinəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: