“Səbail” “Konyaspor”la yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlığı davam etdirən “Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək.

Arena.az xəbər verir ki, iyulun 1-də Bakıda bir araya gəlmiş paytaxt təmsilçisi ayın 8-nə qədər məşqlərini burada davam etdirəcək.

Şahin Diniyevin çalışdırdığı komanda iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcəklər.

Artıq bu rəqiblərdən birinin kimliyinə aydınlıq gəlib. Belə ki, Bakı klubu Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”la üz-üzə gələcək. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, tərəflər arasındakı oyun iyulun 21-də baş tutacaq. Oyuna yerli vaxtla saat 17:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan milli komandasının hücumçusu, müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Mahir Emreli geridə qalan mövsümün ikinci dövrəsini məhz “Konyaspor”da keçirib.

“Səbail”in digər rəqiblər və matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə dəqiqləşəcək. Komandanın qardaş ölkədə nə vaxta qədər hazırlıq keçəcəyi də açıqlanmır.

“Səbail” bu yay transfer bazarındakı ən fəal klublarımızdan biridir. “Dənizçilər” Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayevlə vidalaşıblar. Paytaxt klubu yalnız Vüqar Həsənovla yeni müqavilə bağlayıb. “Dənizçilər” Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pana və Pedro Nuno kimi futbolçuları da heyətinə cəlb edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: