Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” tərəfindən təşkil olunmuş beynəlxalq turnirdə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, hazırda baş məşqçisiz olan “ağ-qaralar” Sankt-Peterburqdakı ikinci sınağında Serbiyanın “Srvena Zvezda” komandası ilə üz-üzə gəliblər.
“Smena” stadionunda baş tutan qarşılaşma Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Paytaxt klubu elə ilk hissədəcə 3 cavabsız qol buraxıb. İkinci hissədə serblər daha bir qol vurublar və “ağ-qaralar” yekunda böyük hesabla məğlub olublar.
Xatırladaq ki, Azərbaycan klubu “Matç TV” kubokundakı ilk oyununda da “Zenit”ə 1:3 hesabıyla uduzmuşdu. Bakı təmsilçisi ayın 15-də Türkiyənin “Fənərbaxça” klubu ilə də üz-üzə gələcək. Həmin oyun da “Smena” stadionunda olacaq və saat 15:00-da başlayacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
“Match TV” kuboku
8 iyul
Neftçi – Srvena Zvezda 0:4
Qollar: M.İvaniç, 9. S.Mitroviç, 17. O.Bukari, 45. Y.Şliviç, 81.
Sankt-Peterburq, “Smena” stadionu.
Neftçi: 1. İvan Brkiç, 4. Solomon Kvirkveliya, 7. Azər Əliyev, 9. Mateus Saldanya, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21 İsmayıl Zülfüqarov, 26. Ömər Buludov, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 93. Rza Cəfərov, 5. Kenni Sayef, 8. Emin Mahmudov, 11. Kilan Lebon, 23. Ataa Caber, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev, 91. Ağadadaş Salyanksi, 92. Ömər Qurbanov.


