Macarıstanın Kapoşvar şəhərində 15 yaşadək güləşçilər arasında təşkil olunmuş U-15 Avropa çempionatı bu gün başa çatıb.
Arena.az xəbər verir ki, qitə birinciliyinin son günündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib.
Azərbaycan yığması bu qitə birinciliyində 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 139 xal toplayan millimiz Avropa ikincisi olub. Yığmamız Gürcüstandan cəmi 2 xal geri qalıb. Macarıstan isə 105 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Nicat Yeylaqaliyevlə (62 kq) Yusif Əhmədli (68 kq) Avropa çempionu olublar. Əli Nəzərovla (48 kq) Marat Ağakərimov (52 kq) gümüş medal qazanıblar. Elşad Abbasov (48 kq), Nihad Məhərrəmov (52 kq) və Rüfət Əlizadə (85 kq) isə bürünc medalla kifayətləniblər.
Xatırladaq ki, Kapoşvardakı U-15 Avropa çempionatı sərbəst güləş üzrə Azərbaycan yığması üçün də uğurlu alınıb. Belə ki, qitə birinciliyində 9 (3 gümüş 6 bürünc) medal qazanan Azərbaycan millisi komanda hesabında ikinci yeri olub. Azərbaycan yalnız Gürcüstandan (155) geri qalıb. Yığmamız 145 xal toplayıb ki, bu da Azərbaycan güləşi adına yeni rekord kimi yadda qalıb.
Qadın güləşində də Esra Məmmədli (46) bu Avropa çempionatında tarixi nəticəyə imza atıb. O, yalnız finalda macarıstanlı Mariya Jitovozla görüşdə uduzmaqla qitə birinciliyinin gümüş medalını qazanıb. Bununla da o, qadın güləşi üzrə U-15 Avropa çempionatlarında ilk medal qazanan idmançımız kimi adını tarixə yazdırıb.


