Valentin Karboni “İnter”i tərk etdi – Bu kluba görə

Argentinadan olan hücumameyilli yarımmüdafiəçi Valentin Karboni “İnter”dən ayrılaraq A Seriyasının digər iştirakçısı “Montsa”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

18 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarə əsasında “Montsa”nın formasını geyinəcək. Müqavilədə satınalma ilə bağlı şərt qoyulmayıb.

Valentin Karboni Argentinanın “Lanus” klubunun yetirməsidir. O, İtaliyada əvvəlcə “Kataniya” klubuna transfer olunub. 2020-ci ilin sentyabrında isə “İnter” onu heyətinə qatıb. Yarımmüdafiəçi Milan klubunun əsas komandasında da 6 oyun keçirməyə imkan tapıb. İstedadlı futbolçu Argentinanın U-20 yığmasında da forma geyinir.

“İnter”in digər gənc yarımmüdafiəçisi Tibo Persin isə Niderlandın “Eyndhoven” klubuna keçib. Hansı ki, bu komandada Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcü də forma geyinir. Belçikadan olan 21 yaşlı futbolçu Eyndhovenin eyniadlı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, ötən mövsümü də icarə əsasında məhz bu komandada keçirmişdi.

“Brügge”nin yetirməsi olan Tibo Persin 2018-ci ildən “İnter”də idi. Yarımmüdafiəçi bu klubun əsas komandasında forma şansı qazanmayıb. Bu üzdən də o, əvvəlki mövsümlərdə də ölkəsinə qayıdaraq “Brügge” və “Vesterlo”da icarədə oynayıb. Persin Belçikanın U-15, U-17, U-18 və U-19 yığmalarında da forma geyinib.

Yeri gəlmişkən, Karbonini heyətinə qatan “Montsa” da qapıçısı Alessio Kranyonu “Sassuolo”ya icarəyə verib. 29 yaşlı italyan qolkiper də qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

“Montsa” Kranyonu ötən ilin yayında “Kalyari”dən icarəyə götürmüşdü. Təcrübəli qapıçı bu komandada cəmi 4 oyuna çıxıb, 9 qol buraxıb. Maraqlıdır ki, “Montsa” bu yay “Kalyari”yə 3,6 milyon avro ödəyərək Kranyonun transfer hüquqlarını da almışdı. “Breşiya”, “Kalyari”, “Lansano”, “Benevento” kimi klublarda da forma geyinmiş Alessio İtaliya yığmasında da 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: