Fabiano Parisi 10 milyon avroya “Fiorentina”da!

İtaliyanın “Empoli” klubunun sol cinah müdafiəçisi Fabiano Parisi A Seriyasının digər təmsilçisi “Fiorentina”ya transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Florensiya klubu bu transfer üçün 10 milyon avrosundan keçib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Fabiano Parisi peşəkar karyerasına “Benevento”da başlayıb. O, “Avellino”da da forma geyinib. 2020-ci ilin sentyabrından “Empoli”də çıxış edən futbolçu bu komandada 81 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Parisi ilə vidalaşan “Empoli” gənc vingeri Davide Merolanı da “Peksara”ya icarəyə verib. “İnter”in yetirməsi olan 23 yaşlı futbolçu 2019-cu ildən “Empoli”də olsa da, əsas komandada möhkəmlənə bilmir. Bu üzdən o, əvvəlki mövsümlərdə “Aretso”, “Qrosseto”, “Focca” və “Kozentsa” kimi klublarda da icarədə olub. Merola İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Yeni sol cinah müdafiəçisi almasına baxmayaraq, “Fiorentina” öz futbolçusu Kristiano Biraqi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı italyan futbolçu 2+1 illik yeni sözləşməyə imza atıb. O, 2017-ci ildən formasını geyindiyi Florensiya klubunda 207 oyuna çıxıb. Hazırda komandanın kapitanı olan Biraqi bu görüşlərdə 11 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb. O, “İnter”, “Peskara”, “Çittadella”, “Qranada”, “Kataniya”, “Kyevo” və “Yuve Stabia”da da forma geyinib. İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

Saponara və Siriqu azad agentə çevrildilər

“Fiorentina” təcrübəli futbolçuları Rikkardo Saponara və Salvatore Siriqu ilə də yollarını ayırıb. Müqaviləsinin müddəti bitən futbolçular azad agent kimi klubdan ayrılıblar. Saponara 2017-ci ildən formasını geyindiyi Florensiya klubunda 107 oyuna 11 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub. O, “Empoli”, “Sampdoriya”, “Leççe”, “Spetsiya”, “Milan”, “Cenoa”, “Ravenna” kimi klublarda da forma geyinib. 31 yaşlı yarımmüdafiəçi İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

36 yaşlı qapıçı Salvatore Siriqu isə “Fiorentina”ya bu ilin yanvarında cəlb olunmuşdu. O, bu klubda cəmi 2 matça çıxıb, 2 qol buraxıb. Siriqu PSJ, “Torino”, “Palermo”, “Cenoa”, “Kremoneze”, “Osasuna”, “Ankona”, “Sevilya” kimi klubların da formasını geyinib. Təcrübəli qapıçı İtaliya yığmasında da 28 oyun keçirib.

Rasmussenlə Jurkovski satıldılar

“Fiorentina” bir neçə oyunçusunu da satmağa qərar verib. Belə ki, Danimarkadan olan mərkəz müdafiəçisi Yakob Rasmussen “Bröndbü”yə transfer olunub. İtaliya klubu bu transferdən 3 milyon avro qazanıb. 26 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, 2019-cu ildə transfer olunduğu “Fiorentina”ın əsas komandasında debüt edə bilməyib. Bu üzdən də “Empoli”, “Ersgebirge”, “Vitess”, “Feyenoord” kimi komandalarda icarədə oynamaq məcburiyyətində qalıb. “Sankt Pauli”, “Rusenborq” və “Empoli”də də oynamış futbolçu Danimarkanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının şərəfini qoruyub.

Polşa yığmasının da üzvü olan yarımmüdafiəçi Şimon Jurkovski isə “Spetsiya”ya transfer olunub. “Spetsiya” bu ilin yanvarında icarəyə götürdüyü 25 yaşlı futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Sözügedən klub bunun üçün “Fiorentina”ya 3,2 milyon avro ödəyib. Jurkovski də Florensiya klubunda möhkəmlənə bilməyib və bu komandada cəmi 6 oyuan çıxıb, 1 assistlə kifayətlənib. Əvəzində o, “Qurnik” və “Empoli” klublarında icarədə oynamaq məcburiyyətində qalıb. Jurkovski Polşa yığmasında da 7 oyun keçirib.

“Fiorentina”nın yarımmüdafiçisi Toni Fruk “Riyeka”ya, müdafiəçisi Lorentso Venuti isə “Leççe”yə keçib. Onların hər ikisi azad agent kimi klubu tərk edib. Venuti yeni klubu ilə 2+1, Fruk isə 4 illik müqavilə bağlayıb.

Fruk 2019-cu ildə “Fiorentina”ya cəlb olunsa da, əsas komandada oynamayıb. 22 yaşlı xorvat yarımmüdafiəçi “Dubrava” və “Qoritsa” kimi komandalarda icarədə oynamaq məcburiyyətində qalıb. O, Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

Venuti isə “Fiorentina”nın öz yetirməsidir. 28 yaşlı sağ cinah müdafiəçisi doğma klubunun əsas komandasında 100 oyun keçirib, 3 qol və 5 assistlə yadda qalıb. O, “Peskara”, “Breşiya”, “Benevento” və “Leççe” klublarında icarədə də olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: