İngiltərənin “Nyukasl” klubu İtaliya çempionu “Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya ilə güclənmək istəyindədir.
Arena.az bu barədə “TUTTOmercatoWEB” portalının ərəb mənbələrinə istinadı əsasında məlumat verir.
Mənbənin məlumatına görə, “Nyukasl” yaxınlarda gürcü futbolçu üçün 95 milyon avro məbləğində ilk təklifini ünvanlayıb və indi “Napoli”dən cavab gözləyir. Lakin “Napoli”nin prezidenti Aurelio De Laurentisin bu təklifi qəbul edəcəyini təsəvvür etmək olduqca çətindir. Xüsusilə də neapolluların hazırda 22 yaşlı Kvaratsxeliya üçün yeni uzunmüddətli müqavilə üzərində çalışdığını nəzərə alsaq, bu, mümkünsüz görünür. Bu səbəbdən “sağsağanlar”ın məqbul cavab alacağı şübhə doğurur.
Xatırladaq ki, Xviça Kvaratsxeliya 2022-ci ilin yayında “Napoli”yə keçib.
Geridə qalmış 2022/2023 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində 43 oyuna çıxıb, 14 qol vurub, 17 məhsuldar ötürmə verib. O, “eşşəkciklər”lə İtaliya çempionluğunu qazanmaqla yanaşı, turnirin ən dəyərli oyunçusu seçilib və 10 məhsuldar ötürmə ilə çempionatın ən yaxşı assistenti olub.
“Transfermarkt” internet-portalı Xviça Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.


