Azərbaycan millisi 6 medalla reytinq turnirinin qalibi oldu

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş reytinq turnirində iştirak edib.

Arena.az xəbər verir ki, ayın 13-dən 16-na qədər davam edən yarışda 13 pəhləvanımız qüvvəsini sınayıb.

İlk yarış günündə sərbəst güləş üzrə yığmamızın 2 üzvü mübarizə aparıb. Abubakr Abakarov (86 kq) ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Osman Göçenə 3:6 hesabıyla məğlub olub.

Maqomedxan Maqomedov (97 kq) macarıstanlı Vladislav Baytsayevə (7:6), qazaxıstanlı Əlişir Yergaliyə (6:3) və almaniyalı Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Ancaq topuğundan zədələndiyi üçün amerikalı olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Belədə Maqomedxan gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçilərimizdən ilk gündə 2…

Yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb. Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb – 10:0.

Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. Məmmədov həlledici görüşdə koreyalı Jinvunq Junqu 5:1 hesabıyla üstələyərək turnirin qalibi olub.

Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

…son gündə 4 medal

Yarışın son günündə yunan-Roma güləşi üzrə 7 çəkidə qaliblər müəyyənləşib.

Həsrət Cəfərov (67 kq) qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Cəfərov 6:1 hesablı qələbəylə turnirin baş mükafatına yiyələnib.

Ülvü Qənizadə (72 kq) litvalı Kristupas Sleyvaya (6:0), türkiyəli Selçuk Cana (5:5) və qazaxıstanlı Daniyar Kalenova (5:1) qalib gələrək finala yüksəlib. Ancaq yarımfinal görüşündə çiynindən zaldığı zədə iranlı Seyid Söhrabiylə güləşməyə imkan verməyib və Qənizadə gümüş medalla kifayətlənib.

Sənan Süleymanov (77 kq) amerikalı Riçard Perkinsə (3:1), finlandiyalı Conni Sarkkinenə (5:1) və gürcüstanlı Yuri Lomadzeyə (10:0) qalib gələrək finala yüksəlib. Sənan həlledici görüşdə amerikalı Kamal Beyi də 4:1 hesabıyla üstələyərək qızıl medalı boynundan asıb.

Rafiq Hüseynov (87 kq) amerikalı Kayl Braunagelə (2:1) qalib gəlsə də, 1/8 finalda gürcüstanlı Qurami Xetsurianiyə (1:4) məğlub olub.

İslam Abbasov (87 kq) 1/8 finalda bolqarıstanlı Semen Novikova uduzub – 1:3. Rəqib finala yüksədiyi üçün Abbasov təsəlliverici görüşdə iştirak hüququ qazanıb və qazaxıstanlı Nursultan Tursinova qalib gəlib – 5:1. Ancaq bürünc medal uğrunda gürcüstanlı Qurami Xetsuriani gərgin mübarizə şəraitində keçən mübarizədən məğlub ayrılıb – 2:3.

Murat Lokyayev (97 kq) 1/8 finalda avstriyalı Daniel Qastla 1:3 hesabıyla məğlub olub. Arif Niftullayev koreyalı Seunqyun Kimə (2:1) qalib gəlsə də, 1/4 finalda onun da yolunu Qastl kəsib – 1:5.

Beka Kandelaki (130 kq) çexiyalı Marsel Albiniyə (11:2), finlandiyalı Konsta Maenpaeaeyə (4:1), koreyalı Minseok Kimə (2:1) və finlandiyalı Elias Kuosmanenə (3:1) qalib gələrək finala yüksəlib. Beka həlledici görüşdə iranlı Əmir Qasimimonjaziyə 1:3 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti (130 kq) litvalı Romas Fridrikası sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 finalda iranlı Əliəkbər Yusifahmadçali ilə görüşə çıxmayıb.

Millimiz hamını qabaqladı

Beləliklə, yunan-Roma güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Azərbaycan millisi 140 xalla komanda hesabında yarışın qalibi olub. Macarıstan (113) ikinci, İran (98) isə üçüncü yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: