2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.
Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi rəqiblərini bir müddət Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Bakıda qəbul edəcək.
Xatırladaq ki, 2011-cu ildə istifadəyə verilmiş “Dalğa Arena”nın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.
“Araz Naxçıvan” ötən mövsüm Birinci Divizionun qalibi olub. Bu üzdən də sözügedən klub elitada oynamaq hüququ qazanıb. Bu komanda Premyer Liqanı tərk etmiş “Şamaxı”nı əvəz edəcək.


