Vensan Till: “Konfrans Liqasına var gücümüzlə hazırlaşırıq”

“Sabah”ın yeni transferi – lüksemburqlu futbolçu Vensan Till komandasının Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq paytaxt təmsilçisinə uyğunlaşdığını bildirib:

“Artıq 11 gündür ki, Avstriyada təlim-məşq toplanışındayıq. Məşqlərimiz yüksək tempdə davam edir. Avropa Konfrans Liqasına və Azərbaycan Premyer Liqasına var gücümüz ilə hazırlaşırıq.

Komanda yoldaşlarım çox mehribandırlar. Artıq komandaya uyğunlaşmışam. Jarl Marqarita ilə otaq yoldaşıyam. Coy Lens Mikelslə də çoxlu söhbət edirəm. Onunla həm alman, həm də fransız dillərində danışa bilirəm. Digər futbolçular da çox yaxşıdırlar. Lakin bu iki komanda yoldaşım ilə daha çox ünsiyyətdə oluram”.

İyulun 15-də Almaniyanın “Sankt Pauli” komandasına qarşı matçda (1:4) meydana çıxaraq “Sabah”da debüt edən futbolçu görüşün maraqlı keçdiyini deyib: “Rəqib həqiqətən də güclü komanda idi. Biz isə çox istəkli idik. Fikrimcə, bizim keyfiyyətli komandamız var. Bu oyunların bizə nə qazandırdığını görəcəyik”.

Vensan sonda azarkeşlərə səslənib: “Azarkeşlərimizə demək istəyirəm ki, bizim yanımızda olsunlar, bizə daim inansınlar, stadiona gələrək dəstək olsunlar. Biz isə əlimizdən gələni edəcəyik. Sabah bizik”.

Xatırladaq ki, “Sabah”a Ukraynanın “Vorskla” (Poltava) klubundan gəlmiş Vensan Till paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

“Sabah”ı qarşıda Avropa Konfrans Liqasında mübarizə gözləyir. Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edəcək Murad Musayevin komandasının rəqibi iyulun 20-də dəqiqləşəcək. Azərbaycan təmsilçisi ya RFS (Latviya), ya da “Makedoniya” (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: