Bu gün keçiriləcək 7 cavab matçı ilə futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə baş tutan ilk matçda 2:1 hesabıyla məğlub etdiyi Cəbəllüttariq təmsilçisi “Linkoln”u bu dəfə doğma meydanda qəbul edəcək.
Gürcüstan və Qazaxıstan çempionlarının – Tiflis “Dinamo”su ilə “Astana”nın duelinə də maraq böyükdür. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Həlledici oyunda hansı komandanın sevinəcəyi maraq doğurur.
Xatırladaq ki, ilk oyun günündə “Rakuv” (Polşa), “Jalgiris” (Litva), “Makkabi” (Hayfa, İsrail), “Şerif” (Moldova), BATE (Belarus), “Haken” (İsveç), “Zrinski” (Bosniya və Herseqovina) və “Breydablik” (İslandiya) növbəti mərhələyə vəsiqəni təmin edib. Yeri gəlmişkən, “Rakuv” “Qarabağ” – “Linkoln” cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu Cəbəllüttariq çempionunu mübarizədən kənarlaşdıracağı halda Polşa çempionuna qarşı ilk oyununu səfərdə, cavab matçını isə doğma meydanda keçirməli olacaq.
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab matçları avqustun 1-2-də baş tutacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
19 iyul
19:00. “Valmiera” (Latviya) – “Olimpiya” (Sloveniya)
İlk oyun – 1:2
20:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan)
İlk oyun – 1:1
20:00. “Ferentsvaroş” (Macarıstan) – “Klaksvik” (Farer adaları)
İlk oyun – 0:0
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllüttariq)
İlk oyun – 2:1
22:00. “Svift” (Lüksemburq) – “Slovan” (Slovakiya)
İlk oyun – 1:1
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Ballkani” (Kosovo)
İlk oyun – 0:2
22:30. “Larne” (Şimali İrlandiya) – HJK (Finlandiya)
İlk oyun – 0:1


