Artur Melo “Fiorentina”da – Rəsmi

“Yuventus”un braziliyalı mərkəz yarımmüdafiəçisi Artur Melo A Seriyasının digər təmsilçisi “Fiorentina” ilə müqavilə imzalayıb.

Arena.az bu barədə “bənövşələr”in rəsmi saytına istinadən məlumat verirlər.

“Fiorentina” Arturu “Qoca sinyora”dan icarəyə götürüb. 26 yaşlı yarımmüddafiəçi qarşıdakı 2023/2024 mövsümünün sonuna qədər “bənövşələr”in heyətində çıxış edəcək. Florensiya klubu 1 illik icarə üçün turinlilərə 2 milyon avro ödəyəcək. Müqavilədə futolçunun 20 milyon avro məbləğində satın alınmasına dair müvafiq bənd də əksini tapıb. Üstəlik, “Yuventus” Arturun maaşının yarısını ödəməyi öhdəsinə götürüb ki, bu da hazırda ilə 5,5 milyon avro və müəyyən məbləğdə bonus ödənişlərindən ibarətdir.

Artur “Yuventus”a 2020-ci ilin yayında “Barselona”dan keçib. Braziliyalı yarımmüdafiəçi Turin klubunun heyətində ümumilikdə 63 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Artur geridə qalmış 2022/2023 mövsümünü “Liverpul”da icarə əsasında çıxış edib və “qırmızılar”ın heyətində cəmi 1 oyuna çıxaraq meydanda 13 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Braziliyalı yarımmüdafiəçi səhhətinin nasaz olması səbəbilə ötən mövsümü yaşıl meydanlardan kənarda keçirmək məcburiyyətində qalıb. Öz növbəsində, “Liverpul” Arturun xidmətində daha maraqlı olmadığından, braziliyalı yarımmüdafiəçini satın almaq hüququndan istifadə etməyib.

Arturun “Yuventus”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, daha öncə “Qremio” və “Barselona”da da oynayıb. Yarımmüdafiəçi Braziliya yığmasında 22 oyun keçirib, 1 qol vurub.

“Yuventus” digər yarımmüdafiəçisi Fabio Miretti ilə də müqavilənin müddətini artırıb. 19 yaşlı futbolçu ilə 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb.

Miretti “Yuventus”un öz yetirməsidir. O, əsas komandada 2021/2022 mövsümündə debüt edib və indiyə qədər 47 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Fiorentina”da bir ayrılıq, bir yeni müqavilə

Arturu heyətinə qatan “Fiorentina” da sol cinah müdafiəçisi Aleksa Terziçi “Zalsburq”a satıb. Florensiya klubu bu transferdən 5,5 milyon avro qazanıb. 23 yaşlı serb müdafiəçi Avstriya klubu ilə 5 illik müqaviləyə imza atıb.

2019-cu ildən “Fiorentina”da olan Terziç bu komandada 51 oyun keçirib, 1 qol və 5 assistlə yadda qalıb.

“Fiorentina” mərkəz müdafiəçisi Luka Ranyeri ilə də yeni müqavilə bağlayıb. 24 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa kimi bu komandada qalacaq.

Florensiya klubunun öz yetirməsi olan Luka Ranyeri bu komandada 105 oyuna çıxıb, 1 qol və 6 assist müəllifi olub. O, icarə əsasında “Focca”, “Askoli”, SPAL və “Salernitana”da da oynayıb. İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: