“Qalatasaray” Çempionlar Liqasında qələbəni əldən verdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Günün ilk iki matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb. Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”in, Norveç “Molde”si isə Finlandiyada HJK klubunun qonağı olub. Finlandiya çempionu doğma meydanda qələbəyə sevinibsə, Litvadakı görüşdə komandalar heç-heçəyə razılaşıblar.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su da mübarizəyə bu mərhələdən başlayıb. Futbolçumuzun komandası Xorvatiyada Qazaxıstan “Astana”sını sınağa çəkib. Bu görüşdə də meydan sahibləri qələbə qazanıblar. Mahirin 80-ci dəqiqədən etibarən mübarizəyə qoşulduğu qarşılaşmada komandası 4 cavabsız qola sevinib.

“Dnepr-1”evdə “Panatinaikos”a, “Zrinski” “Slovan”a, “Breydablik” də “Kopenhagen”ə məğlub olub. “Servett” – “Genk” matçında isə qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin digər ilk oyunları iyulun 26-da keçiriləcək. Sonuncu gündə beş qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində növbəti matçına sabah çıxacaq. Ağdam təmsilçisi Polşa çempionu “Rakuv”un qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
25 iyul

“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə) 2:2

HJK (Finlandiya) – “Molde” (Norveç) 1:0

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) 4:0

“Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) 1:3

“Servett” (İsveçrə) – “Genk” (Belçika) 1:1

“Zrinski” (Bosniya və Herseqovina) – “Slovan” (Slovakiya) 0:1

“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka) 0:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: