Türkiyənin “İstanbulspor” klubunun mərkəz müdafiəçisi Adi Mehremiç bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Bosniya və Herseqovinadan olan oyunçu ilə 1,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, paytaxt klubuna azad agent kimi cəlb olunub.
Mehremiç yeni klubuna keçidi ilə bağlı ilkin fikirlərini də bölüşüb. 31 yaşlı futbolçu “Səbail”in mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Səbail”ə gəldiyim üçün çox şadam. Ümid edirəm ki, birlikdə uğurlu mövsüm keçirəcəyik”.
Adi Mehremiç 2022-ci ilin avqust ayından formasını geyindiyi “İstanbulspor”da 17 oyuna çıxıb, 1 qola imza atıb. O, “Karpatı” (Lvov), “Fridek-Mistek”, “Veles”, “Visla” (Krakov), “Spartak” (Yurmala), “Jelezniçar”, “Sprtak” (Miyava), “Seniça”, “Makkabi” (Petah Tikva), “Sankt Pölten”, “Deportivo” (Aves), “Rujomberok” və “Olimpik” (Sarayevo) kimi klubların da formasını geyinib.
“Səbail” buna qədər Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pana, Pedro Nuno və Aleksandr Ramalinqomu da heyətinə qatmışdı. Vüqar Həsənov, Cabir Əmirli və Samir Abdullayevlə də yeni müqavilə imzalanıb.
Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər. Elmir Tağıyev də “Kəpəz”ə icarəyə verilib.
“İstanbulspor”da iki yeni futbolçu
Yeri gəlmişkən, Mehremiçlə yollarını ayıran “İstanbulspor” onun əvəzində Yunanıstandan olan mərkəz müdafiəçisi Apostolos Diamantisi heyətinə qatıb. Yunanıstanın OFİ klubundan gələn 23 yaşlı stopperlə 3 illik müqavilə imzalanıb. Super Liqa klubu bu oyunçunu azad agent kimi transfer edib. O, ötən mövsüm OFİ-də 23 oyunda 2 qol vurub.
İngiltərənin “Stok Siti” klubunun 24 yaşlı sağ cinah müdafiəçisi Demekao Duhani də “İstanbulspor”a keçib. İngilis futbolçu ilə 4 illik müqavilə imzalandığı açıqlanıb. O, ötən mövsüm bu komandada icarə əsasında çıxış edib. Futbolçu İstanbul təmsilçisində 20 oyuna çıxıb, 1 qol da vurub.


