Maks Qradel Super Liqada klubunu dəyişdi

Futbol üzrə Kot d’İvuar yığmasının və “Sivasspor”un sol cinah vingeri Maks Qradel Türkiyə Super Liqasında klubunu dəyişib.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra “Qaziantep”in uğurları üçün çalışacaq.

Bu barədə təcrübəli oyunçunun yeni klubu məlumat yayıb. Sivas təmsilçisindən azad agent kimi ayrılan Qradel, “Qaziantep”lə 2 illik sözləşməyə imza atıb.

Maks Qradel 2020-ci ilin avqust ayından “Sivasspor”un uğurları üçün çalışırdı. O, bu komandada 131 oyun keçirib, 29 qol və 37 məhsuldar ötürmə müəllifi olub. Qradel karyerası ərzində “Sent Etyen”, “Tuluza”, “Lids”, “Bornmut” və “Lester Siti” kimi klublarda da forma geyinib. O, ölkəsinin yığmasında 104 oyuna 17 qol vurub.

“Qaziantep” Portuqaliyanın “Tondela” klubundan azad agent kimi ayrılan sol cinah müdafiəçisi Naufel Xasefi də heyətinə qatıb. Əlcəzairdən olan 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Naufel Xasef 2020-ci ilin sentyabrından formasını geyindiyi “Tondela”da 74 oyuna 3 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Bordo”nun B komandasında və “Husseyn Dey” klubunda da forma geyinib, Əlcəzair yığmasında 2 oyun keçirib.

“Qaziantep” “Gənclərbirliyi”nin hücumçusu İlker Karakaşı da transfer edib. Azad agent statusuna malik 24 yaşlı futbolçu ilə də 2 illik müqavilə imzalanıb. “Gənclərbirliyi”nin öz yetirməsi olan İlker bu komandada 80 oyuna çıxıb, 5 qol və 3 assistlə yadda qalıb.

Maks Qradeli Jerson Rodriqeslə əvəzlədilər

Maks Qradellə yollarını ayırmış “Sivasspor” da heyətinə yeni oyunçular qatıb. Sözügedən klub Kiyev “Dinamo”sunun sol cinah vingeri Jerson Rodriqesi bir mövsümlük icarəyə götürüb. Lüksemburq yığmasının üzvü 2019-cu ildən Ukrayna klubunda olsa da, daha çox digər klublarda icarədə olub. Türkiyənin “Ankaragücü” və “Eyüpspor” klublarında da icarədə oynamış futbolçu, “Trua” və “Əl-Vəhda”da da oxşar qaydada çıxış edib. O, daha öncə “Svift”, “Yunion Lüksemburq”, “Fola Eş”, “Telstar”, “Şerif” (Tiraspol), “Jubilo İvata” kimi komandalarda da oynayıb. Jerson Lüksemburq yığmasında da 55 oyuna 16 qol vurub.

Sivas klubu bu yay “Konyaspor”dan azad agent kimi ayrılan qapıçı Erhan Erentürkü də heyətinə cəlb edib. 28 yaşlı qolkiperlə 2 illik sözləşmə imzalanıb. Konya klubuna ötən il qoşulan qapıçı bu komandada cəmi 7 matça çıxıb. O, “Karşıyaka”, “Altınordu” və “Bursaspor”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: