Natan Ake “Mançester Siti” ilə “nikah” təzələdi

“Mançester Siti”nin və Niderland yığmasının mərkəz müdafiəçisi Natan Ake İngiltərə klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2025-ci ilin yayında başa çatacaqdı.

Natan Ake “Mançester Siti”yə 2020-ci ilin avqustunda “Bornmut”dan 45,3 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində meydana çıxdığı 81 oyunda 7 qol da vurub.

Ake geridə qalmış 2022/2023 mövsümündə “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.

Niderland milli komandasında 37 oyuna 5 qol vurmuş müdafiəçi karyerası ərzində “Bornmut”, “Çelsi”, “Ridinq”, “Uotford” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: