Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü Ömər Cavadov Rumıniyada keçirilən Avropa birinciliyində qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, iyulun 26-da start götürmüş və avqustun 3-də başa çatacaq qitə birinciliyində yaşı 20 və 23-ə qədər olan gənclər yarışırlar.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bu gün millimizin üzvlərindən daha biri – Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.
Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub.
Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.
Daha öncə millimizin digər üzvü Əvəz Tağıyev də Avropa birinciliyində qüvvəsini sınamışdı. O, yaşı 23-ə qədər olan atletlər arasında 55 kq çəki dərəcəsində 213 kq (95+118) nəticə ilə 5-ci yeri tutmuşdu.
Qarşıdakı günlərdə Rahilə Hüseynzadə (87 kq) və Əli Şükürlü (109 kq) (hər ikisi U-20) və Füqan Əliyev (81 kq) də (U-23) Avropa birinciliyində qüvvəsini sınayacaqlar.


