Aleksandr Nübel yenə “Bayern”i tərk etdi – Bu kluba görə

Futbol üzrə Almaniya çempionu “Bayern”in qapıçısı Aleksandr Nübel icarə əsasında Bundesliqanın digər təmsilçisi “Ştutqart”a keçib.

Arena.az xəbər verir ki, 26 yaşlı qolkiperin 2024-cü ilin 30 iyununa kimi icarədə olacağı açıqlanıb.

“Ştutqart” 1 illik icarəyə görə “Bayern”ə 1 milyon avro ödəyəcək. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti isə 2025-ci ilin 30 iyununa kimidir.

Aleksandr Nübel 2020-ci ilin yayından “Bayern”də olsa da, bu komandada cəmi 4 oyuna çıxıb. 4 qol buraxıb, 1 “quru” matç keçirmiş alman qolkiper son iki mövsümdə “Monako”da icarədə olub. O, “Bayern”ə gələnə qədər də “Paderborn” və “Şalke”də oynayıb.

“Ştutqart” “Bayern”in sabiq futbolçusu, bu klubun yetirməsi olan koreyalı Çon Vu Yeni də transfer edib. “Frayburq”dan 2,8 milyon avroya alınan 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Vaxtilə “Bayern”də 2 oyun keçirmiş futbolçu sonradan 2019-cu ildən formasını geyindiyi “Frayburq”da 100 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, Cənubi Koreya yığmasında da 10 oyuna 2 qol vurub.

“Ştutqart” danimarkalı hücumçusu Vahid Faqiri də “Elversberq”ə icarəyə verib. 20 yaşlı forvardın qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. “Vayle”nin yetirməsi 2021-ci ildən “Ştutqart”da olsa da, bu komandada cəmi 7 matça çıxıb və 1 qol vurub. O, ötən mövsümü də “Nordsyeland”da icarədə keçirib.

Çon Vu Yeni “Ştutqart”a satan “Frayburq” digər yarımmüdafiəçisi Lino Tempelmannı da “Şalke”yə satıb. Sözügedən klub 24 yaşlı futbolçunun keçidindən 400 min avro qazanıb. Alman futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Tempelmann da “Bayern”in yetirməsidir. O, 2018-ci ildən çıxış etdiyi “Frayburq”da cəmi 12 matça çıxıb. Son iki ildə yarımmüdafiəçi “Nürnberq”də icarədə olub. Lino Almaniyanın U-20 yığmasında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: