Əli Şükürlü Avropa birinciliyində 1 “qızıl”, 2 “gümüş” qazandı!

Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü Əli Şükürlü Rumıniyada keçirilən Avropa birinciliyində uğurlu çıxışı ilə diqqət çəkib.

Arena.az xəbər verir ki, iyulun 26-da start götürmüş və avqustun 3-də başa çatacaq qitə birinciliyində yaşı 20 və 23-ə qədər olan gənclər yarışırlar.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bu gün millimizin üzvlərindən daha biri – Əli Şükürlü də körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlər arasında 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb.

Şükürlü təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 195 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb.

Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.

Xatırladaq ki, millimizin üzvlərindən daha öncə Ömər Cavadov (U-23, 73 kq) birdən qaldırma hərəkətində qızıl medal qazanmışdı. O, yekun sıralamada 4-cü olmuşdu. Füqan Əliyev (U-23, 81 kq) də təkanla qaldırma hərəkətində uğurlu çıxış etmişddi. O, 179 kq-ı qaldırmaqla bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanmış, yekun sıralamada isə 4-cü yeri tutmuşdu. Millimizin digər üzvlərindən Əvəz Tağıyev (U-23, 55 kq) Avropa birinciliyini 5-ci, Rahilə Hüseynzadə (U-20, 87 kq) isə 7-ci yerdə başa vurmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: