17 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında ikinci yeri tutub.
Arena.az xəbər verir ki, bu gün mundialda yunan-Roma güləşi üzrə yarış başa çatıb.
Dünya çempionatında 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya 2-cisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.
Yığmamız böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında bu dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Milli komandamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, millimizin heyətində Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) dünya çempionu olublar. Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıblar.


