Türkiyənin “Hatayspor” klubu heyətini daha iki yeni futbolçu – yarımmüdafiəçi Ömer Faruk Beyaz və müdafiəçi Qay Kilama ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məluma yayıb.
Ömer Faruk Beyaz Almaniyanın “Ştutqart” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürülüb.
“Fənərbaxça”nın yetirməsi olan 19 yaşlı futbolçu 2021-ci ildə “Ştutqart”a keçmişdi. O, bu klubun əsas komandasında da 5 oyun keçirib. Türk futbolçu 2022-ci ildə “Maqdeburq”da da icarədə olub. Ömer hazırda Türkiyənin U-21 yığmasına da dəvət alır.
Qay Kilama isə Fransanın “Nyor” klubundan azad agent kimi Hatay təmsilçisinə keçib. Kamerundan olan 24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. “Nyor”un yetirməsi bu klubun əsas komandasında 104 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Hatayspor” gənc hücumçusu Bertuğ Yıldırımla da 3 illik yeni müqavilə imzalandığını açıqlayıb. 21 yaşlı futbolçu azı 2026-cı ilin 30 iyununa kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək. O, 2021-ci ildə “Sarıyer”dən “Hatayspor”a keçib. Bertuğ Hatay klubunun əsas komandasında meydana çıxdığı 34 oyunda 5 qol və 3 assistlə yadda qalıb. Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Antalyaspor”da keçirmiş gənc hücumçu Türkiyənin U-21 yığmasına da dəvət alır.
“Hatayspor” iki legionerini MLS klublarına satdı
“Hatayspor” iki futbolçusu ilə də yollarını ayırıb. Belə ki, kanadalı sol cinah müdafiəçisi Samuel Adekuqbe və gürcü sol cinah vingeri Saba Lobjanidze MLS klublarına satılıblar. Adekuqbe “Vankuver”ə, Lobjanidze “Atlanta Yunayted”ə keçib. Saba yeni klubu ilə 3, Samuel isə 3+1 illik müqaviləyə imza atıb. Türkiyə klubu kanadalı futbolçunun satışından 1 milyon, gürcü yarımmüdafiəçinin keçidindən isə 1,5 milyon avro qazanıb.
Xatırladaq ki, Samuel Adekuqbe 2021-ci ilin avqust ayından “Hatayspor”da forma geyinirdi. 28 yaşlı müdafiəçi bu komandada 56 oyun keçirib və cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Valerenqa”, “Göteborq”, “Brayton” və “Vankuver” kimi klubların da formasını geyinib. Ötən mövsümün ikinci dövrəsini “Qalatasaray”da icarədə keçirmiş futbolçu bu komandada 6 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Müdafiəçi Kanada yığmasında da 39 oyun keçirib və 1 qol vurub.
Saba Lobjanidze isə Tiflis “Dinamo”sunun yetirməsidir. O, “Çixura”, “Randers”, “Ankaragücü”, “Fatih Karagümrük” kimi klublarda da forma geyinib. 2021-ci ildən “Hatayspor”da olan 28 yaşlı vinger burada 61 oyuna çıxıb, 9 qol vurub, 13 assistlə yadda qalıb. O, Gürcüstan yığmasında da 34 matça çıxıb, 3 qola imza atıb.
Yeri gəlmişkən, Ömer Faruk Beyazı “Hatayspor”a icarəyə vermiş “Ştutqart” hücumçuxu Xuan Xose Pereanı da “Hanza Rostok”a icarəyə göndərib. Kolumbiyadan olan 23 yaşlı futbolçu da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Daha öncə Yunanıstanda “Panatinaikos”, “Volos” və “PAS Yannina” kimi klublarda oynamış hücumçu “Ştutqart”da 19 oyuna çıxıb, 1 qolla yadda qalıb.


