Rüfət Dadaşov ikinci oyunda da qol vurdu

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Almaniyanın Şimal-Şərq Regional Liqasının 2-ci turu çərçivəsində “Altqlinikke” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3. Bunda Berlin təmsilçisinin iki futbolçusunun elə ilk hissədəcə (26 və 37-ci dəqiqələrdə) meydandan qovulması da böyük rol oynayıb.

Rüfət bu oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib. Oyunda hesabı da 37-ci dəqiqədə Dadaşov açıb. Amma komandası ikinci hissədə buraxdığı qollarla meydanı məğlub tərk edib.

Xatırladaq ki, bu, Rüfət Dadaşovun cari mövsümdəki ikinci qoludur. O, ilk turda da fərqlənmişdi.

İki turdan sonra 3 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: