Neymar PSJ rəhbərliyinə klubu tərk etmək istədiyini bildirib

Fransa çempionu PSJ-nin braziliyalı ulduz hücumçusu Neymar klub rəhbərliyinə bu yay Parisdən ayrılmaq istədiyini bildirib.

Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.

Daha əvvəl bildirilmişdi ki, PSJ rəhbərliyi “Barselona”ya Neymarı bir mövsümlüyə icarəyə götürməyi təklif edib. PSJ bu təklifini cinah hücumçusu Usman Dembelenin qarşıdakı transferi üçün müqavilənin bir hissəsi kimi nəzərdən keçirir.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Braziliyalı superulduzun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman Fransa nəhəngi braziliyalı hücumçunu heyətinə qatmaq üçün 222 milyon avro xərc çəkmişdi.
Neymarın Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: