Futbol üzrə Fransa millisinin sabiq müdafiəçisi, ötən ilin yayından azad agent statusu daşıyan Elyakim Manqala özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra Portuqaliyanın “Eştoril” komandasının uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu Portuqaliya klubu ilə 1 illik müqaviləyə imza atıb.
Elyakim Manqala 2022-ci ilin yanvarında “Sent Etyen”lə müqavilə bağlamışdı. Lakin o, ötən ilin yayında bu komandanı azad agent kimi tərk edəndən bəri işsiz idi.
Manqala “Sent Etyen”dən öncə “Everton”, “Mançester Siti”, “Valensiya”, “Portu”, “Standard” (Lyej) kimi klublarda da çıxış edib. O, 2013-2016-cı illərdə Fransa yığmasında oynayıb, millidə 8 matça çıxıb.


