“Real”ın belçikalı qapıçısı Tibo Kurtua məşqdə aldığı ağır zədəyə münasibət bildirib, gələcəyə baxışlarını açıqlayıb.
Arena.az məlumat verir ki, Kurtua bu barədə özünün sosial şəbəkə hesabında yazıb:
“Heç vaxt belə bir şeyi yaşayacağınızı gözləmirsiniz, amma indi bunu qəbul etmək və bunun öhdəsindən gəlmək üçün hər şey etmək və daha güclü olaraq qayıtmaq vaxtıdır. Enerji, sevgi və dəstəyə görə hamınıza təşəkkür edirəm. Sizi əmin edirəm ki, bunlar məni mümkün qədər tez sağalmağa sövq edir”.
Xatırladaq ki, dünən Kurtuanın məşq zamanı zədələnərək, dizin ön çarpaz bağının qopması diaqnozu ilə yaxınlarda cərrahi əməliyyat keçirəcəyi haqda məlumat yayılmışdı. Müvafiq səbəbdən Tibo Kurtuanın 2023/2024 mövsümünü buraxa biləcəyi ehtimal edilir.
Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir. “Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Geridə qalmış 2022/2023 mövsümündə Tibo Kurtua “Real”ın heyətində 49 oyuna çıxıb. O, bu oyunlarda 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.
Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı Tibonu 45 milyon avro məbləğində qiymətləndirir.
Həmçinin Kurtua bu zədə səbəbindən AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə sentyabrın 9-da Bakıda keçiriləcək oyunda iştirak edə bilməyəcək.


