Berkay Vardar “Beşiktaş”dan getdi – “Neftçi”yə qarşı oynamayacaq

“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Beşiktaş” yarımmüdafiəçisi Berkay Vardar ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı futbolçusunu Moldovanın “Şerif” klubuna icarəyə verib.

Bu barədə Türkiyə nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, gənc dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünün sonuna kimi icarə əsasında Tiraspol təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Berkay Vardar “Beşiktaş”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 6 oyun keçirib.

Berkay vaxtilə Azərbaycanın həm U-17, həm də U-19 millisində 3 oyuna çıxıb, hər iki komandamızda 1 qolla yadda qalıb. O, daha sonra Türkiyənin U-21 millisində oynamağa başlayıb. Gənc futbolçu ötən ildən dəvət aldığı bu komandada 2 matça çıxıb.

Xatırladaq ki, “Neftçi” və “Beşiktaş” arasında Bakıda keçirilmiş ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı avqustun 17-də Türkiyədə baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: