Dünya çempionatı: İlk medal Ali Tsokayevdən gəldi

İordaniyanın paytaxtı Amman şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxmışdılar.

Bu gün həmin çəki dərəcələrində həlledici görüşlər baş tutub. Azərbaycan təmsilçilərindən yalnız biri medal qazana bilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Abdullayev (57 kq) ötən gün startda almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlmişdi – 10:0. Avropa çempionumuz növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlmişdi. Amerikalı Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçmişdi. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan həmyerlimiz bir səhvin qurbanı olmuş və “tuş”la uduzmuşdu. Abdullayev bu gün bürünc medal uğrunda görüşdə ermənistanlı Edik Harutyunyana məğlub olub – 4:8.

Mircavad Nəbiyev (70 kq) 1/8 finalda amerikalı Meyer Şapirova 4:6 hesabıyla məğlub olmuşdu. Rəqib finala qədər irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Mircavad bu gün yaponiyalı Yuma Tomiyama ilə qarşılaşmadan məyus ayrılıb – 2:9.

Ali Tsokayev (79 kq) ötən gün polşalı Mateuş Pedziçki (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırmışdı. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olmuşdu – 4:8. Tsokayev bu gün iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Qeyd edək ki, avqustun 14-də start götürmüş dünya çempionatı ayın 20-də başa çatacaq. Azərbaycan yığmaları mundiala bütövlükdə 22 güləşçi ilə yollanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: