Neymar “Əl-Hilal”a keçdi, PSJ bu qədər qazandı – Rəsmi

Fransa çempionu PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Arena.az verir ki, 31 yaşlı futbolçu “Əl-Hilal”a keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar. Neymarın bu komandada mövsümünə təxminən 100 milyon avro qazanacağı bildirilir.


Neymarın keçidi “Əl-Hilal”a 90 milyon avroya başa gəlib. Halbuki, PSJ braziliyalı futbolçunu 2017-ci ildə “Barselona”dan 222 milyon avroya transfer etmişdi. Onun Paris klubuna keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb. Neymarın PSJ ilə 2025-ci ilin yayına kimi müqaviləsi var idi. O, Fransa nəhəngində bütövlükdə 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli futbolçu 2010-cu ildə debüt etdiyi Braziliya millisinin heyətində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə verib. O, PSJ-dən öncə yalnız “Barselona” (186 oyun, 105 qol, 76 assist) və “Santos”da (138 oyun, 71 qol, 37 assist) oynayıb.

Xatırladaq ki, “Əl-Hilal”da Neymarın Braziliya millisində çıxış edən komanda yoldaşı Malkom da oynayır. O, bir müddət əvvəl Sankt-Peterburq “Zenit”indən “Əl-Hilal”a keçib. Səudiyyə Ərəbistanı təmsilçisi bu yay Kalidu Kulibali, Ruben Neves və Sergey Milinkoviç-Saviç kimi ulduz futbolçuları da heyətinə qatıb.

Yeri gəlmişkən, PSJ-nin mavritaniyalı sol cinah vingeri Ceydi Qassama da İngiltərənin “Şeffild Uensdey” klubuna keçib. 19 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Parislilər bu satışdan cəmi 1 milyon avro qazanıblar. PSJ-nin yetirməsi olan futbolçu bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. O, ötən mövsüm “Eupen”də icarədə olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: